Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Dayə” peşə ixtisası üzrə təltifetmə mərasimi həyata keçirilib.
Tehsil.biz xəbər verir ki, agentliyin inzibati binasında keçirilən tədbirdə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş ərizəçilərlə yanaşı işəgötürənin nümayəndələri də iştirak edib.
Tədbiri giriş sözü ilə açan Agentliyin Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli ölkəmizdə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesinin önəmi və işəgötürənlərin bu prosesdəki vacib rolunu xüsusi vurğulayaraq ərizəçiləri təbrik edib.
“Bağçam” uşaq bağçaları şəbəkəsinin “İndigo” Körpələr evi-uşaq bağçasının direktoru Samirə Dünyamalıyeva işəgötürən qismində çıxış edərək peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb.
Sonda imtahanlardan yüksək nəticə əldə etmiş ərizəçilərə müvafiq modular üzrə sertifikatlar təqdim olunaraq, tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.